Maşın tərcüməsi (MT) mətnləri bir dildən başqa dilə avtomatik olaraq tərcümə etmək üçün süni intellektdən istifadə edir.
2022-ci ilin ən yaxşı maşın tərcüməsi proqramları daha geniş avtomatlaşdırma və daha hərtərəfli öyrənmə sistemlərinə doğru irəliləyir (maşın tərcüməsinin indiyə qədər necə irəlilədiyi və insan tərcüməçilərini əvəz edib-etməyəcəyi barədə aşağıda məlumat verilir).
Əgər şirkətiniz çoxdilli lokallaşdırma layihələri ilə geniş şəkildə məşğul olursa, gəlin vacib sənədləri tərcümə etmək üçün MT proqramlarının gücündən necə istifadə edə biləcəyimizdən danışaq.
Şirkətiniz maşın tərcüməsi proqramlarının üstünlüklərindən faydalanırmı?
Maşın tərcüməsi proqramlarının üstünlükləri
Maşın tərcümələri haqqında xoşagəlməz fikirlər çox olur, çünki insanlar onları insan tərcüməçilərin işi ilə müqayisə etməyə meyllidirlər, bu isə alma ilə portağalı müqayisə etmək kimi bir şeydir.
MT proqramı komandanızı əvəz etmək üçün deyil, işlərinizi asanlaşdırmaq üçün nəzərdə tutulub.
Maşın tərcüməsi proqramları kompüter dəstəkli tərcümə (CAT) kimi tanınan güclü proqramlara inteqrə edilir. Qlobal şirkətlər onlardan genişmiqyaslı lokallaşdırma layihələrini idarə etmək və asanlaşdırmaq üçün istifadə edir.
Düzgün istifadə edildikdə, xüsusən sürət və məhsuldarlıq baxımından, maşın tərcüməsi proqramlarının üstünlüklərindən aşağıdakı kimi faydalana bilərsiniz.
1. Avtomatlaşdırma
MT proqramları böyük həcmdə mətni demək olar ki dərhal emal və tərcümə edə bilir. Dil puristləri maşın tərcüməsinin mükəmməl olmadığını iddia edəcək. 20 səhifəlik kataloqu 5 dilə tərcümə edilməli olan marketinq mütəxəssisi isə “Maşın tərcüməsi həyatımı asanlaşdırır” deyəcək.
2. Ön tərcümə
Bir çox sahibkarlıq subyektləri ön tərcümə kimi maşın tərcümələrindən istifadə edir, ön tərcümə hətta faktiki tərcüməçinin köməyi olmadan belə qurula biləcək bir təməldir. Çox güman ki, onların komandasından hər hansı bir əməkdaş artıq əvvəlcədən maşınla tərcümə edilmiş mətnə bəzi sadə korrektə və redaktə etmək bacarıqlarına malikdir.
3. Etibarlılıq
Məşhur dil cütlükləri arasında ümumi sözlər, söz birləşmələri və ifadələr üçün maşın tərcüməsinə etibar etmək tamamilə təhlükəsizdir (və ödənişsizdir!). Bu cür tərcümələrin əksəriyyəti kroudsorsinq platformaları vasitəsilə ekspertlər və dil daşıyıcıları tərəfindən nəzərdən keçirilmiş olur. Onda niyə "düzgün" tərcüməyə əlavə pul xərcləyirsiniz?
4. Sərfəlilik
Maşın tərcüməsi əllə tərcümə üçün ödəyəcəyiniz məbləğin sadəcə 0.2%-nə başa gələcək.
Maşın tərcüməsi sistemlərinin növləri
Hər bir maşın tərcüməsi sisteminin dilin semantik və sintaktik quruluşunu təsvir edən özünəməxsus alqoritmi var. Maşın tərcüməsinin mətnləri tərcümə edərkən bu linqvistik qanunauyğunluqları başa düşdüyü və istifadə etdiyi üsul tərcümənin keyfiyyətinə təsir edir.
Maşın tərcüməsi sisteminin 2 ümumi növünü ayırd edə bilərik: statistik MT və neyron MT.
1. Statistik MT müəyyən bir dil cütlüyü üçün əvvəlcədən təsdiq edilmiş tərcümələrdən ibarət nəhəng məlumat keşindən istifadə edir. Bu, ikidilli korpus kimi tanınır.
Maşın, korpusları təhlil etmək və iki dilin strukturlarını müqayisə etmək üçün ehtimal əsaslı modeldən istifadə edir. Nəticədə o, ən yaxşı tərcüməni proqnozlaşdırır.
2. Neyron MT linqvistik məlumatları mürəkkəb qruplara və təbəqələrə ayırır. Bu, beyinlərimizə və məlumatları saxlamaq üsulumuza çox bənzəyən süni bir neyron şəbəkəsi yaranması ilə nəticələnir.
Maşın, tərcümələri mövcud ikidilli məlumat bazalarından, eləcə də yeni məlumatlarla işlədiyi üçün özünün avtomatlaşdırılmış maşın öyrənməsindən əldə edir. Mətnlərin tərcüməsi zamanı onun çox vaxt daha sürətli, hərtərəfli və dəqiq olduğu deyilir.
Bəs sizə uyğun maşın tərcüməsi hansıdır? Bu, aşağıdakı bir sıra amildən asılıdır:
• Büdcəniz: Neyron MT-dən istifadə etmək statistik MT ilə müqayisədə daha baha başa gəlir.
• Fəaliyyət sahəniz: Bəzi fəaliyyət sahələri daha qabaqcıl emal prosesini zəruriləşdirə bilən mürəkkəb və texniki dil tələb edir. Neyron MT bunu təmin edir.
• Sizə lazım olan dil cütlükləri: Statistik MT adətən müəyyən dil cütlükləri üçün kifayət edir.
• Əlinizdə olan məlumatların həcmi: Neyron MT özünün öyrənməsi, sizin də fayda əldə etməyiniz üçün böyük mətn sahələri tələb edir.
Seçdiyiniz maşın tərcüməsi proqramı ehtiyaclarınıza əsasən həm statistik, həm də neyron MT təklif edə bilər. Gəlin elə bugün istifadə etməyə başlaya biləcəyiniz ən yaxşı maşın tərcüməsi proqramlarına nəzər salaq.
2022-ci ilin ən yaxşı maşın tərcüməsi proqramlarının siyahısı
Google Translate
Bəlkə bu haqda eşitmisiniz? “Google Translate” ən məhşur maşın tərcüməsi proqramıdır və bunun yaxşı səbəbləri var. Birincisi, o, ödənişsizdir.
İkincisi, digər xidmət təminatçılarından əhəmiyyətli dərəcədə çox olmaqla 100-dən artıq dili dəstəkləyir. Əlbəttə, o, hələ də qeyri-dəqiq tərcümələri ilə bədnamdır, lakin süni intellekt hər gülməli səhvlə bir az daha inkişaf edir.
Statistik MT proqramı kimi işə başlayan “Google Translate” daha çox sayda dil cütlükləri üçün neyron tərcümə sistemlərinə keçib. Maşın, qanunauyğunluqları tanımaqda və anlamaqda getdikcə daha ağıllı olduğu üçün bu, qeyri-dəqiqlik ehtimalını azaltmağa kömək edəcək.
“Google” vasitəsilə siz süni intellektini davamlı olaraq təkmilləşdirmək üçün resursları olan böyük bir şirkət tərəfindən dəstəklənən bir xidmət əldə edirsiniz.
Məxfilik səbəbləri üçün, sənədlərinizi birbaşa “Google Translate”-yə yükləməməlisiniz. Bunun əvəzinə, təhlükəsiz kompüter dəstəkli tərcümə alətləri (CAT tools) vasitəsilə “Google Translate” xidmətlərindən istifadə edə bilərsiniz.
Deepl
“DeepL” aralarında 100-dən çox mümkün dil cütlüyü olan 13 dili əhatə edir. Rəqiblərinin təklifləri ilə müqayisədə bu, kiçik rəqəm kimi görünsə də, “DeepL”-in gücü etdiyi tərcümənin keyfiyyətindədir.
Bu şirkət dərindən öyrənmə vasitəsilə öz maşın tərcüməsini inkişaf etdirməyə diqqət yetirir. Bu, maşının insan nəzarəti ilə və ya insan nəzarəti olmadan etibarlı linqvistik mənbələrdən geniş şəkildə araşdırma apardığı və öyrəndiyi sistemdir.
Bununla, Sİ daha dəqiq və təbii tərcümələrə imkan verən kontekst və nüansları daha yaxşı başa düşür. Beləliklə, “DeepL” ixtisaslaşdığı dilləri tərcümə etməkdə bu sahədəki nəhəng rəqiblərini üstələyə bilər.
Microsoft Translator
Bu siyahıdakı digər proqramın adı isə qazandığı təcrübə əsasında 70-dən çox dillə işləyən “Microsoft Translator”-dur.
“Microsoft Translator” proqramının ən yaxşı tərəfi odur ki, o, artıq digər Microsoft xidmətlərinə inteqrə edilib. Siz bu proqram daxilində “Word” sənədlərinizi, “Excel” cədvəllərinizi və “PowerPoint” slaydlarınızı necə tərcümə edəcəyinizi asanlıqla öyrənə bilərsiniz.
Ümumi istifadə üçün xidmət haqqı olmasa da, biznes inteqrasiyaları üçün abunə planına ehtiyacınız olacaq.
“Google Translate” kimi “Microsoft” proqramı da neyron şəbəkələri istiqamətində irəliləyərək təbii dil istifadəsinə bənzəyən daha ağıllı maşın tərcümələrinə zəmin yaradır.
Amazon Translate
“Amazon Translate” 71 dili dəstəkləyən neyron maşın tərcüməsi xidmətidir. Onu sadə TPİ (tətbiqi proqramlaşdırma interfeysi) sorğusu ilə öz biznes tətbiqlərinizə asanlıqla inteqrə edə bilərsiniz.
Başqa bir məqam isə onun e-poçt mesajlarını və ya korporativ veh-səhifələrin daha böyük həcmli mətnlərini tərcümə etməsindən asılı olmayaraq, həcminin genişlənə bilməsidir.
“Amazon Translate” xidmətləri əvvəlcədən ödəniş əsasında mövcud olduğu üçün planınızı layihənizin ölçüsünə uyğunlaşdıra bilərsiniz.
Baidu Translate
“Baidu” “Google”-nin Çindəki ekvivalentidir. Təbii olaraq, “Baidu Translate” daha yaxşı tərcümələr üçün əsas element olan Çin dilindəki daha zəngin məlumat bazalarından istifadə edir.
“Baidu Translate”-nin ingilis dilli platforması olmasa da, veb-səhifələrdə gəzməyinizə kömək etməsi üçün bu proqramdan istifadə edə bilərsiniz.
Onların platforması həmçinin kontekst parametri də təklif edir ki, sizə burada maliyyə və ya biologiya kimi seçimlər təqdim edilir. Bu parametr süni intellektin mətninizi tərcümə edərkən müvafiq sahəyə məxsus terminləri və terminologiyanı nəzərə almasını təmin edir.
Əgər biznesinizi Çin bazarlarında lokallaşdırmaq istəyirsinizsə, o zaman “Baidu Translate” sizin üçün əla seçimdir!
Xülasə
Maşın tərcüməsi əvəzedici yox, tamamlayıcı vasitə olmalıdır. Biznesiniz cəlbedici məzmun yaratmaq məqsədilə güclü bulud alətləri və kompüter dəstəkli tərcümə proqramları vasitəsilə maşın tərcümələrindən istifadə edə bilər.
Çox vaxt tərcüməçiyə belə ehtiyacınız yoxdur - sadəcə yaxşı redaktor olsa kifayətdir. Bu isə komandanızın hər hansı bir üzvü ola bilər.
Ümid edirik ki, bu məqalə sizə maşın tərcüməsi proqramlarını iş prosesinizdə tətbiq etməyin ən yaxşı yolu haqqında məlumat verdi.